Muxtar respublikada icbari tibbi sığorta mərhələli qaydada tətbiq olunacaq
Naxçıvan, 4 aprel, AZƏRTAC
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında tibb işçilərinin maarifləndirilməsi məqsədilə keçirdiyi tədbirdə səsləndirilib.
Tədbirdə agentliyin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın əhəmiyyətindən danışıb. Qeyd edib ki, muxtar respublikada icbari tibbi sığortanın mərhələli qaydada həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanı əhaliyə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Ali Məclis Sədrinin tapşırığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının daha da gücləndirilməsi üçün ötən il ən müasir tibbi avadanlıqlar, 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcək ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin.
Samiq Sadıxov diqqətə çatdırıb ki, bu il yanvarın 25-də səhiyyə müəssisəsinə baxış keçirilib və Ali Məclis Sədrinin tapşırığı ilə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqi səhiyyə işçilərinin əməkhaqlarına da təsir edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən, Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və xəstəxana işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari tibbi sığorta işinin təşkili şöbəsinin əməkdaşı Vüsal Məmmədov, agentliyin Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin əməkdaşı Leyli Həsənova, Maliyyə və təsərrüfat sektorunun əməkdaşı Təbriz Bayramov və “Nəqşicahan Med” MMC-nin əməkdaşı Tural Rəhimov çıxış ediblər.
Sonda suallar cavablandırılıb.