REGİONLAR
Muxtar respublikada “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbirlər davam etdirilir
Şərur, 1 noyabr, AZƏRTAC
Aparılan təhlillər zamanı muxtar respublikada tibbi xidmətin səviyyəsinin yüksəldilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayının ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı məlum olub.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər Şərur rayonunun Qışlaqabbas kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva çıxış edərək, belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında ailələrimizdə milli dəyərlərin qorunmasının, yeni nəslin sağlam böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılması, qan qohumluğu nikahları zamanı tibbi müayinənin vacibliyini diqqətə çatdırıb.
Ramilə Seyidova qeyd edib ki, hazırda muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaq var. Həmin uşaqların da 23,65 faizi Şərur rayonunun payına düşür. Belə ki, rayon üzrə 41 min 878 uşaq var və həmin uşaqlardan da 437-si sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1 faizini təşkil edir. Qışlaqabbas kəndi üzrə 11 sağlamlıq imkanları məhdud uşaq var.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranma səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.