REGİONLAR
Muxtar respublikanın Atıcılıq Federasiyasında qarşıda duran vəzifələr müəyyənləşdirilib
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda federasiyanın sədri Səhət Həbibbəyli 2020-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Səhət Həbibbəyli ötən ilin mart ayında Naxçıvanda keçirilmiş idman festivalında Atıcılıq Federasiyasının da uğurla təmsil olunduğunu, 2020-ci ildə stend, TİR atıcılığı və peyntbol üzrə 4 idman yarışı təşkil edildiyini bildirib.
Federasiya sədri hesabat ilində atıcılıq idman növünün muxtar respublikada təbliği, atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi və yeni idman avadanlıqlarının alınması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə tam uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni hədəflər quraşdırılıb.
Atıcılıq idman növünə marağın artırılması, gənclərin fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə daha yaxşı hazırlanması üçün Naxçıvan Dövlət Universitetində TİR salonu yaradılıb. Bu məqsədlə ali təhsil ocağına “Hatsan” markalı 2 ədəd TİR tüfəngi və 1 ədəd TİR tapançası verilib, mexaniki şəkildə idarə oluna bilən hədəflər qurulub. Federasiya tərəfindən Naxçıvan Qarnizonu tam orta məktəbində yaradılan TİR salonuna da 2 ədəd müasir TİR silahı hədiyyə edilib, ötən il federasiyaya 60 nəfərə yaxın yeni üzv qəbul olunub, qızların və paralimpiyaçıların idmana cəlbi, perspektivli idmançıların müəyyənləşdirilməsi diqqətdə saxlanılıb.
Federasiyanın sədr müavini Vasib Abdullayev çıxışında bildirib ki, cari il ərzində atıcılıq idman növləri üzrə 15 müxtəlif yarışın, o cümlədən stend üzrə beynəlxalq turnirin keçirilməsi nəzərdə tutulub.
Sonra atıcılıq idman klublarının fəaliyyətinin genişləndirilməsi, rayon gənclər və idman idarələri ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, rayondaxili yarışların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.