Müxtəlif cinayətlərin istintaq metodikası ilə bağlı tədris tədbirləri davam etdirilir
Bakı, 22 fevral, AZƏRTAC
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq və daxili işlər orqanlarının işçiləri üçün təşkil edilmiş “İbtidai istintaq zamanı yol verilən nöqsanların aradan qaldırılması və işin keyfiyyətinin yüksəldilməsi” mövzusunda seminar uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədris tədbirləri fevralın 21-i və 22-si dinləyiciləri iş yerindən ayırmadan, distant formada və canlı vaxt rejimində həyata keçirilib.
Seminarda dinləyici qismində 21 inzibati ərazi vahidində fəaliyyət göstərən 35 prokurorluq və 72 polis işçisi, təlimçi qismində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi, habelə Elm-Tədris Mərkəzinin işçiləri iştirak ediblər.
Seminar çərçivəsində dinləyicilərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə tövsif, sübutetmə və istintaq hərəkətlərinin icrasının aktual problemləri və onların həlli yolları tədris edilib, belə işlər üzrə məhkəmənin hazırlıq iclasında və məhkəmə baxışı zamanı aşkarlanan prosessual pozuntular barədə ətraflı məlumat verilib.
Həmçinin dinləyicilərə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri üzrə ibtidai istintaq zamanı qarşıya çıxan prosessual və sübutetmə problemləri, onların hüquqi nəticələri, dələduzluğa dair cinayət işləri üzrə sübutetmə metodikası, bu qəbildən olan əməllərin mülki hüquqi xarakterli münasibətlərdən və onun hüquqi nəticələrindən fərqləndirmə qaydası izah edilib.