ELM VƏ TƏHSİL
M.V.LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALI TƏLƏBƏ QƏBULU ELAN EDİR
Bakı, 15 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, 2010/2011-ci tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı müvafiq ixtisaslar üzrə (bakalavriat pilləsi, rus bölməsi) tələbə qəbulu elan edir.
1. Filologiya (rus və roman-german filologiyası). a) rus filologiyası - 7 yer, b) fransız filologiyası - 9 yer, c) ispan filologiyası - 9 yer.
2. Tətbiqi riyaziyyat - 25 yer. 3. Kimya - 25 yer. 4. Psixologiya - 25 yer.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) yaratdığı Qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın bu il keçirdiyi müvafiq test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
Qəbul sınaqları aşağıdakı fənlər üzrə aparılacaqdır.
Filologiya fakültəsi - a) rus filologiyası: rus dili və ədəbiyyatı (yazılı, inşa), rus dili və ədəbiyyatı (şifahi), b) roman-german filologiyası: rus dili və ədəbiyyatı (yazılı, inşa), xarici dil; ingilis, fransız və ya alman (yazılı). Kimya fakültəsi: riyaziyyat (yazılı), kimya (yazılı). Tətbiqi riyaziyyat fakültəsi: riyaziyyat (yazılı). Psixologiya fakültəsi: rus dili (yazılı, ifadə), biologiya (yazılı).
Qəbul sınaqlarında iştirak etmək istəyənlər qəbul komissiyasına ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışını, orta təhsil haqqında sənədi (attestat, əsli), şəxsiyyət vəsiqəsini, 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər.
Müsabiqə MDU-nun yaratdığı Qəbul Komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaqdır.
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
MDU-nun Bakı Filialının tədris fəaliyyəti MDU-nun tədris planı və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur.
Tədris, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iki semestr ərzində təhsil almaq imkanı əldə edəcəklər.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcəkdir.
Sənəd qəbulu filologiya fakültəsinə iyulun 23-dək, kimya və psixologiya fakültələrinə iyulun 26-dək, tətbiqi riyaziyyat fakültəsinə iyulun 30-dək saat 9.00-dan 18.00-dək aparılacaqdır.
Qəbul sınaqları 25 iyul - 01 avqust tarixlərində keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Firudin Ağayev küçəsi, 14 (metronun Elmlər Akademiyası stansiyasının yanı). Əlaqə telefonları: 510 92 02, 510 96 08.