REGİONLAR
Naftalanda oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiyada saxlanılıb
Gəncə, 2 oktyabr, AZƏRTAC
Naftalan şəhərində Elvin Əhmədli və Hikmət Məmişovla oğurluq edərək ölkə ərazisindən qaçan Arif Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Naftalan sakini Arif Vəliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib. Elvin Əhmədli, Hikmət Məmişov isə 2023-cü ilin sentyabr ayında saxlanılıblar.
Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günündə Elvin mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək Arif Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A.Vəliyev H.Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb, qalan hissəsini qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.