“Nano-peyk texnologiyaları üzrə uzunmüddətli təqaüd proqramı” na ölkəmizdən namizədlər seçiləcəkdir
Bakı, 13 noyabr (AZƏRTAC). BMT-nin Kosmosdan İstifadə üzrə Proqramının ilkin kosmik texnologiyalar təşəbbüsü çərçivəsində “Nano-peyk texnologiyaları üzrə uzunmüddətli təqaüd proqramı” na ölkəmizdən namizədlər seçiləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, proqramda ikiillik magistratura dərəcəsi üzrə iki və üçillik doktorluq dərəcəsinə dörd namizədin seçilməsi planlaşdırılır.
Namizədlər ingilis dilində mükəmməl yazı və danışıq qabiliyyətinə malik olmalı, magistratura təhsili üçün mühəndislik və ya oxşar texnologiya sahələri üzrə bakalavr və ya dörd illik universitet təhsili, doktorantura təhsili üçün magistr dərəcəsinə və ya beş illik universitet təhsilinə sahib olmalıdırlar.
Seçilmiş namizədlərin müvafiq xərcləri Yaponiyanın Kyuşu Texnologiya İnstitutu və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi tərəfindən ödəniləcəkdir. Müraciətlər 2014-cü ilin yanvarın 27-dək qəbul edilir.
Tələb olunan sənədlərin siyahısını və digər məlumatları www.unoosa.org saytından əldə etmək olar.
Təqaüd proqramı Yaponiya Hökuməti və BMT-nin Kosmik Məsələlər üzrə İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilir. Yaponiyanın Kyuşu Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan proqram 2011-ci ildən başlayaraq reallaşdırılır.