Narkomaniya ilə mübarizədə gənclərin rolu böyükdür
Bakı, 1 may, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax rayon filialında “Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb, narkomaniya ilə mübarizədə gənclərin rolunun böyük olduğunu deyib. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Polis polkovniki erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird, tələbə öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidir.
Daha sonra o, dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib.
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Elxan Əhmədov çıxış edərək həm müəllimlər, həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin gənclərin arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısının alınması baxımından önəmini vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.