Naxçıvan Biznes Mərkəzində iqtisadi təhlil məsələləri üzrə seminar işə başlayıb
Naxçıvan, 4 aprel, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində “İqtisadi siyasətə təsir təhlillərinin qiymətləndirilməsi” mövzusu üzrə seminar işə başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Potensialın artırılması platforması” çərçivəsində üç gün ərzində keçiriləcək seminar Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin müəllim və tələbələri üçün nəzərdə tutulub.
Seminarın açılışında çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qeyd edib ki, tədbirin məqsədi gələcəyin iqtisadçı mütəxəssisləri olacaq tələbələrdə sahələrarası əlaqələrin təhlili və qiymətləndirilməsi üzrə müasir dünya iqtisadiyyatında tətbiq olunan bilik və bacarıqların formalaşdırılmasıdır. O bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları bu istiqamətdə müxtəlif yerlərdə seminarlar təşkil etməklə müasir Azərbaycan iqtisadiyyatının inkişafının gələcək dövr üçün iqtisadi modelləşdirilməsi üzrə zəruri nəzəri biliklərin və praktik bacarıqların çatdırılmasında mühüm təcrübə qazanıblar.
İqtisadiyyatın bir sıra sahələri üzrə təhlillərin aparılması, makroiqtisadi təsirlərin qiymətləndirilməsi və gələcəyə doğru proqnozlaşdırmalar üzrə proqram təminatının təqdim olunması seminarda iştirak edən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin professor-müəllim heyətinə, magistr və tələbələrinə iqtisadi təhlillərin aparılması sahəsində təcrübə qazanmalarına imkan verəcək. Mütəxəssis qeyd edib ki, seminar çərçivəsində iştirakçılara, həmçinin investisiya layihələrinin qiymətləndirilməsi, biznes planların tərtibi, risklərin müəyyən edilməsi, davamlı inkişaf və yaşıl iqtisadiyyat formalaşdırılması məsələləri üzrə də çıxışlar təqdim olunacaq. Bütün bunlar isə müasir Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı üçün olduqca aktual məsələlərdəndir.