Naxçıvan Dövlət Universitetində ilk onlayn laborator məşğələlərə start verilib
Naxçıvan, 1 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində ilk onlayn laborator məşğələlərə start verilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ilk onlayn laborator məşğələ ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin “Dəmir yolu stansiya və qovşaqlarının avtomatik idarə edilməsi” laboratoriyasında keçirilib.
Nəqliyyat və informasiya texnologiyaları kafedrasının müəllimi Yadulla Həziyevin “Dəmir yolu nəqliyyatı və tikintisi mühəndisliyi” ixtisası tələbələrinə keçdiyi onlayn məşğələdə yol, rabitə və işarəvermə sahələrinin tikili və qurğuları, stansiya yolları, 150 tonluq vaqon tərəzilərində boş və dolu vaqonların çəkilməsi, işıqforların təyinatı və təsnifatı, çeşidləmə qurğuları, qatarların tərtibat məsələləri, dəmir yolu keçidlərinin iş prinsipi, qatarların qəbulu və göndərmə qaydalarına nəzər salınıb.
Dərsə Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da qoşulub. Qarşılıqlı fikir mübadiləsi şəklində aparılan dərsdə tələbələrin sualları cavablandırılıb. Suallar cavablandırılarkən qatarların təsnifatı və avtobloklama mövzularına aydınlıq gətirilib.
Qeyd edək ki, dərslərin laboratoriyada onlayn təşkili tələbələrin mövcud durumda belə təcrübi dərslərdən geri qalmamaları üçün təşkil edilir. Laboratoriyada yük stansiyaları, material anbarları, texniki xidmət sahələri, çeşidləmə stansiyaları, dartı lokomotivi, sərnişin vağzalı binası, dalan yolları və işıqforlar da yerləşir.
Yüksək maddi-texniki baza ilə zəngin laboratoriyaların bu günlərdə belə işlək hala gətirilməsi tələbələrə yaradılan şəraitdən maksimum istifadə etmək imkanı yaradır.