Naxçıvan Dövlət Universitetinin tələbələri Əliağa Vahid yaradıcılığını onlayn müzakirə ediblər
Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə təşkil edilib. Ali təhsil ocağının rektoru Elbrus İsayevin də iştirak etdiyi müzakirədə Əliağa Vahid yaradıcılığına nəzər salınıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor bu cür müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişlərində əhəmiyyətli rol oynadığını qeyd edib. Vurğulayıb ki, hər bir müəllim və tələbə vaxtdan maksimum istifadə etməli və mütaliəni gündəlik peşə fəaliyyətinə çevirməlidir. Rektor günün 24 saatının onlayn şəkildə oxuculara xidmət göstərən kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək, hər kəsi müzakirələrdə fəal olmağa səsləyib.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov Azərbaycanın görkəmli şairi, tanınmış qəzəlxan Əliağa Vahidin həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Şairin poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilən qəzəlləri xanəndələrin repertuarında mühüm yer tutur.
Şairin həyat və yaradıcılığı haqqında fikir və düşüncələrini bölüşən tələbələr qeyd ediblər ki, şairin “Döyüş qəzəlləri” , “Qəzəllər” kitablarında Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edilir. Onlar “Vahid” təxəllüsü ilə məşhurlaşan qəzəlxanın yaradıcılığını yüksək qiymətləndirib və şairin tərcüməçi kimi də fəaliyyəti önə çəkiblər.
Tədbirdə, eyni zamanda, Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmi də müzakirə olunub. Qeyd edilib ki, filmdə vahid bir süjet xəttinin olmamasına baxmayaraq, şairin həyatı xronoloji ardıcıllıqla izlənilir. Filmdə ustad şairin çətin keçən həyat yolunun ayrı-ayrı məqamları lentə alınmaqla onun ümumiləşdirilmiş bədii obrazı yaradılıb.