NAXÇIVAN MUXTAR RESPUBLİKASI HƏMKARLAR İTTİFAQLARI ŞURASININ 40 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 40 illik yubileyi qeyd edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev muzeyinin qarşısında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra onlar muzeylə tanış olmuşlar.
Gənclik Mərkəzində davam etdirilən tədbiri Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri Elman Hacıyev açmış, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirakçıları, kütləvi ictimai təşkilatın bütün üzvlərini yubiley münasibətilə təbrik etmişdir. O, Həmkarlar İttifaqları Şurasının 40 illik fəaliyyətinin 30 ilinin ümummilli liderimiz Heydər Əliyevin siyasi rəhbərlik dövrünə düşdüyünü vurğulamışdır.
V.Talıbov Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 aprel tarixli Sərəncamına əsasən bir nəfərə “Şöhrət” ordeninin, 8 nəfərə “Tərəqqi” medalının, 6 nəfərə “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 4 nəfərə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir. Elman Hacıyev məlumat vermişdir ki, yubiley Ali Məclis sədrinin müvafiq sərəncamı ilə qeyd edilir. O, yüksək dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev yubiley tədbirində çıxış etmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə təsis olunmuş yubiley medalı Ali Məclisin sədri Vasif Talıbova təqdim olunmuşdur.
Şuranın bir qrup üzvü Konfederasiyasının 15 illik yubiley medalı ilə təltif edilmiş və 100 manat məbləğində pulla mükafatlandırılmışdır.
Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilmişdir.