Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uğurla icra olunur
Naxçıvan, 30 yanvar, AZƏRTAC
Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, ailələrin özünüməşğulluq imkanlarını genişləndirib.
Muxtar respublikanın əmək bazarı təhlil edilir
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət proqramına uyğun olaraq nazirlik ilə muxtar respublikanın Dövlət Statistika Komitəsi tərəfindən 2018-ci ilin əvvəlində əmək bazarı təhlil edilib, illər üzrə əmək bazarını xarakterizə edən göstəricilər komitənin internet saytında yerləşdirilib. Boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçmiş 2320 fiziki və 30 hüquqi şəxs haqqında məlumatlar Vergilər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilərək təhlil edilib, müəyyən olunan boş iş yerləri qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarəti daha da artırıb, yerlərdə mütəmadi olaraq monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən 110 orta və iri sahibkarlıq subyektlərinə boş iş yerləri haqqında aidiyyəti üzrə məlumat verilməsinə dair maarifləndirmə işləri aparılıb.
Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə 184-ü dövlət, 152-si özəl olmaqla, ümumilikdə, 336 müəssisədə sorğu keçirilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat müəyyənləşib. Əmək bazarında əcnəbi işçiyə olan tələbatı müəyyənləşdirmək məqsədilə təhlillər aparılıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2019-cu il üçün əmək miqrasiyası kvotası təsdiq edilib. Kvota müvafiq iqtisadi fəaliyyət sahələri üzrə 500 yerdən ibarətdir.
Aktiv məşğulluq tədbirləri dövlət proqramında nəzərdə tutulmuş tələblər əsasında yerinə yetirilib
Aktiv məşğulluq tədbirləri dövlət proqramında nəzərdə tutulmuş tələblər əsasında yerinə yetirilib, 3634 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Onlardan 2976-sı məşğulluq xidməti orqanları tərəfindən işə düzəldilənlər, 588-i Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilənlər, 70-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq vakant dövlət qulluğu vəzifələrinə təyin olunanlardır. Bundan başqa, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanlarında iştirak edən 344 namizəddən 106-sı müvafiq keçid balını toplayıb. Həmçinin komissiyanın müəllimlərin dövlət ümumi təhsil müəssisələrində işə qəbulu üçün təşkil etdiyi test imtahanlarında iştirak edən namizədlərdən 179-u müvafiq keçid balını toplayıb.
Ötən dövrdə 377 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 262 işaxtaran sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə cəlb edilib ki, bunlardan 40-ı sağlamlıq imkanları məhdud şəxslərdir. Muxtar respublikada təşkil olunmuş əmək yarmarkalarında 664 nəfər işlə təmin olunub. Hərbi xidmətdən yeni tərxis olunan şəxslərin məşğulluqlarının təmin edilməsi də nəzarətdə saxlanılıb, 22 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 5 nəfər isə peşə hazırlığına cəlb edilib, tətil günlərində işləmək istəyən 39 tələbə mövsümi işlərə göndərilib. Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 42 məhkum ödənişli işlərə cəlb edilib.
Muxtar respublikada əhalinin məşğulluq imkanlarının artırılmasında sahibkarlığın inkişafı mühüm yer tutur
Bu işdə kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsi vacib məsələ kimi daim diqqətdə saxlanılır. Ötən il kiçik və orta sahibkarlığın inkişafı məqsədilə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən 27 yeni layihənin maliyyələşdirilməsinə 6 milyon 66 min manat vəsait yönəldilib, özəl investisiya qoyuluşu hesabına kiçik və orta sahibkarlığın inkişafı sahəsində 7 layihənin maliyyələşdirilməsi və yaradılması başa çatdırılıb, 10 layihənin maliyyələşdirilməsi və yaradılması davam etdirilib. Nəticədə, istehsal və xidmət sahələrində dövlət maliyyə dəstəyi hesabına yaradılmış müəssisələrdə 329, özəl investisiya qoyuluşu hesabına yaradılmış müəssisələrdə 69 olmaqla, ümumilikdə, 398 yeni iş yeri yaradılıb. Ötən dövrdə banklar və digər kredit təşkilatları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə dövlət maliyyə dəstəyi göstərilib, sənayenin inkişafına 5 milyon 172 min, balıqyetişdirmənin inkişafına 15 min, tikintinin inkişafına 670 min, ticarətin inkişafına 2 milyon 543 min 800, nəqliyyat və rabitənin inkişafına 521 min, kənd təsərrüfatının inkişafına isə 5 milyon 818 min 300 manat olmaqla, ümumilikdə, 14 milyon 740 min 100 manat həcmində güzəştli şərtlərlə kredit verilib. Kreditlərin 5 milyon 864 min 600 manatı Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ödənilib.
Ötən dövrdə muxtar respublikanın rayon, qəsəbə və kəndlərində yeni istehsal sahələrinin yaradılması məqsədilə 58 layihə hazırlanaraq təqdimatı keçirilib, yerli resurslara əsaslanan 36 təsərrüfatın yaradılması başa çatdırılıb. Rayonların sosial-iqtisadi inkişaf perspektivləri, habelə kəndlərdə məşğulluq ənənələri nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 34 fərdi təsərrüfat və kiçik müəssisələrin yaradılması başa çatdırılıb, innovasiyalar tətbiq olunan və yeni iş yerinin yaradılmasına hesablanan 9 layihə yekunlaşdırılıb. Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 43 layihə icra olunub. Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması, əhalinin məşğulluğunun artırılması məqsədilə 14 təsərrüfata 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.
Müəssisələrin tam istehsal gücü ilə fəaliyyət göstərməsi istiqamətində monitorinqlər aparılır
Müəssisələrin tam istehsal gücü ilə fəaliyyət göstərməsi istiqamətində monitorinqlər aparılıb, 2 müəssisənin fəaliyyəti bərpa edilib. Sahibkarlığa yeni başlamaq istəyən şəxslərin maarifləndirilməsi məqsədilə onlara məsləhət xidmətləri göstərilib, bu istiqamətdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində 60 şəxs üçün kurs təşkil olunub, 30 müəssisəyə 3020 halda iqtisadyönümlü informasiya çatdırılıb, 31 halda şifahi konsaltinq xidməti göstərilib, muxtar respublikada fəaliyyət göstərən iaşə və mehmanxana obyektlərinin işçilərinə xidmət mədəniyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib.
2018-ci ildə kənd xidmət mərkəzlərində fəaliyyət göstərən dərzi sexləri, bərbərxana və qadın gözəllik salonlarında monitorinqlər aparılıb, mərkəzlərdə mövcud olan vakansiyalar üzrə çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 5 kurs təşkil olunub. Xidmət mərkəzlərində vakant yerlər üzrə 49 bərbər, 73 bərbər-manikürçü və 16 dərzi olmaqla, 138 nəfər işlə təmin edilib. Göstərilən dövlət dəstəyi nəticəsində ötən il muxtar respublikada 2827 yeni iş yeri açılıb ki, bunun da 98,4 faizi daimi iş yerləridir.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqətdə saxlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilmiş 22 peşə kursuna 337 nəfər cəlb edilib ki, onlardan 30-u sağlamlıq imkanları məhdud şəxslərdir. Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində isə ilk peşə ixtisas qruplarını 2753 nəfər bitirib. Həmçinin ötən dövrdə xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində dərzi, bərbər, bərbər-manikürçü və aşpaz köməkçisi peşələri üzrə təşkil edilmiş kurslara 94 nəfər cəlb olunub. Təhsil Nazirliyi tərəfindən bufetçi, aşpaz köməkçisi, bərbər və bərbər-manikürçü ixtisasları üzrə 166 nəfər ilk peşə ixtisası müəssisələrini bitirib.
Bu gün xalq yaradıcılığı sahələrinin dirçəldilməsi bir tərəfdən milli dəyərlərimizin yaşadılmasına, digər tərəfdən isə sənətkarların yetişməsinə və istedadlı gənclərin məşğulluğunun təmin olunmasına xidmət edir. Bu səbəbdən də dövlət proqramının icrası zamanı xalq tətbiqi sənəti növləri üzrə kursların keçirilməsinə diqqət artırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edilib, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil edilmiş ağac, daşduz üzərində oyma və qazanxana maşinisti kurslarına 33 məhkum cəlb olunub. Təhsil Nazirliyi tərəfindən təşkil edilən xalçaçı, çörək və qənnadı məmulatları ustası, arıçı və dərzi kurslarını 108 müdavim bitirib. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində yaradılmış “Xalq Yaradıcılığı Emalatxanası”nın tərkibində ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət kimi qədim xalq sənəti sahələri üzrə bölmələrin fəaliyyəti davam etdirilib, “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının nəzdində misgərlik, dulusçuluq və ağac üzərində oyma sənətləri üzrə emalatxana yaradılıb və bu sahələr üzrə kurslar təşkil olunub. Həmçinin “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində daimi fəaliyyət göstərən emalatxanada taxta üzərində oyma və nəqqaşlıq sənətini öyrənmək istəyən şəxslər üçün müvafiq şərait yaradılıb. Şərur rayonunda - Cəlilkənddəki XIX əsrə aid “Buzxana” tarix-memarlıq abidəsində isə xalçatoxuma, misgərlik, Yengicə kəndindəki Şərq hamamında papaqçı, foto, dərzi, qadın və kişi bərbəri, musiqi alətlərinin düzəldilməsi və təmiri, çəkməçi sahələri yaradılıb, müvafiq avadanlıqlarla təmin olunub. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif sənətkarların tətbiqi sənət və rəsm əsərlərinin müqavilələr əsasında qəbulu və satışı təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Аilə, Qаdın və Uşaq Prоblеmləri üzrə Dövlət Kоmitəsi tərəfindən 1132 qadınla əlaqə saxlanılaraq təşkil ediləcək müvafiq peşə kursları barədə məlumat verilib. İşəgötürənlərin işçi qüvvəsinə olan tələbatını müəyyənləşdirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən traktorçu-maşinist, qazanxana maşinisti, qaynaqçı, kabellehimləyici və rabitə montyoru, turizm agenti, gözətçi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, videooperator kursları təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrafikə əsasən, tədris ili ərzində 4450 nəfər yuxarı sinif şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Nəticədə 2017-2018-ci tədris ilinin sonunda natamam orta təhsili bitirərək peşə təhsili almaq istəyən şəxslər peşə hazırlığı kurslarına cəlb edilib.
Sosial qayğıya ehtiyacı olanlar diqqət mərkəzindədir
Dövlət proqramına uyğun olaraq əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 87 nəfər işlə təmin olunub. Habelə sosial qayğıya ehtiyacı olan 110 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına kömək göstərilib. Peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 89 nəfər münasib işlə təmin olunub. Novruz bayramı ərəfəsində sağlamlıq imkanları məhdud 8 qadının özünüməşğulluğunu təmin etmək üçün onlar tərəfindən yetişdirilən 1074 səməni alınıb. Həmçinin “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosialyönümlü haqqıödənilən ictimai işə 7 xalçatoxuyan evdar qadın cəlb olunub. Sağlamlıq imkanları məhdud 19 şəxs tərəfindən toxunmuş 2500 cüt yun corab və 200 yun şərf əsgərlərə təqdim edilib.
Sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin rəsm və əl işlərinin satışına kömək göstərilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 236 şəxsin 11 min 250 manat dəyərində 881 rəsm və əl işinin satışı təşkil edilib. 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində fiziki məhdudiyyətli şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinə muxtar respublikadan 13 müəllifin 85 əl işi təqdim olunub. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində təşkil edilmiş sərgi-satışlarda 316 adda 4 min 757 manat dəyərində əl işlərinin satışı və “Xalq Yaradıcılığı Emalatxanası”nın xalçaçılıq bölməsində toxunmuş 8439 manat dəyərində 30 xalçanın satışı həyata keçirilib. Həmçinin “Duzdağ”, “Təbriz” və “Qrand” otellərində ayrılmış sahələrdə, Duzdağ Fizioterapiya Mərkəzində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işlərinin nümayişi və satışı həyata keçirilib.
İşəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət artırılıb
Müvafiq dövlət qurumları ilə birlikdə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə monitorinqlər aparılıb. İşəgötürənlər tərəfindən iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi” ilə bağlı 35 seminar təşkil edilib, 826 müəssisənin 914 nümayəndəsi bu seminarlarda iştirak edib. Həmçinin müəssisələrin nümayəndələrinə maarifləndirici bukletlər təqdim edilib. İl ərzində əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə 976 dövlət və özəl müəssisədən 34 min 694 əmək müqaviləsi bildirişi daxil edilib.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidməti tərəfindən əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və iş icazələrinə malik olmaları araşdırılıb, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilib. Əməkçi miqrantların muxtar respublika ərazisində qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə keçirilən görüşlərdə işəgötürənlərlə profilaktik söhbətlər aparılıb.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası 2019-cu ildə də davam etdiriləcəkdir.
AZƏRTAC-ın Naxçıvan bürosu