SİYASƏT
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Argentina səfiri ilə görüş
![Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Argentina səfiri ilə görüş](/files/2013/3/1200x630/14071451214310529103_1200x630.jpg)
Naxçıvan, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivan ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan ilə Argentina arasında əlaqələr 1992-ci ildə qurulmuşdur. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət və parlamentlərarası dostluq qrupu səviyyəsində münasibətlər uğurla inkişaf etdirilir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır Naxçıvan blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası inkişaf edir, sənaye, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrinə diqqət göstərilir. Ali Məclisin Sədri Karlos Dante Rivanın ölkəmizdəki fəaliyyətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından da səmərəli olacağına əminliyini bildirmiş, səfirə işlərində uğurlar arzulamışdır.
Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən Karlos Dante Rivan Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanla yaxından tanış olacağını və bir sıra görüşlər keçirəcəyini deyən səfir diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.