Naxçıvan teatrının yaranmasının 135 illiyi qeyd olunub
Naxçıvan, 14 may, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış qədim Naxçıvan teatrının yaradılmasının 135 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bu sənət ocağının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Naxçıvan teatrı yarandığı gündən sağlam məfkurə, yüksək sənətkarlıq baxımından fərqlənən repertuar uğrunda mübarizə aparıb, mütərəqqi ideya və prinsiplər əsasında böyük inkişaf yolu keçib. Naxçıvan teatrının inkişafında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız əsl fədakarlıq nümunəsi göstəriblər.
“Bu gün Naxçıvan Muxtar Respublikasında teatrlar diqqət və qayğı ilə əhatə olunub. Məhz bu diqqətin nəticəsidir ki, 2008-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi geniş şəkildə qeyd olunub, teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci ildə istifadəyə verilib”, - deyən Natəvan Qədimova vurğulayıb ki, muxtar respublikada gənc aktyor nəslinin yetişməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti və Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisasları fəaliyyət göstərir. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapır.
Nazir Naxçıvan teatrının 135 illiyi münasibətilə bütün teatrsevərləri təbrik edib, teatr xadimlərinə, teatrımıza, ümumilikdə, Naxçıvan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirin sonunda tanınmış dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşası göstərilib.
Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir. Avropa və Asiya arasında yerləşən bir şəhərdə mədəniyyətlərin, sivilizasiyaların kəsişməsi, Azərbaycan xalqının tolerantlığı öz əksini tapıb.
Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış artistləri ilə yanaşı, gənc aktyorları da maraqlı obrazlar yaradıblar.
Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundov dövrün koloritini canlandırmağa çalışıb. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmanqulu Əhmədovun musiqi tərtibatı da hadisələrlə səsləşir. Tamaşada görkəmli bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və başqalarının musiqisi ilə yanaşı, gürcü, tatar melodiyalarından da istifadə edilib.