REGİONLAR
Naxçıvanda “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 50-dən çox şagirdin iştirak etdiyi təlimdə məktəbin direktoru Aynur Mustafayeva və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.
Növbəti mərhələdə isə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdir müavini - Yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun müdiri Səkinə Qəhrəmanovanın slaydlar vasitəsilə “Büdcəmizi anlayaq” mövzusunda çıxışı dinlənilib. Təlimin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin təşkilati işlər üzrə baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsilə şərti ailənin gəlir və xərcləri müqayisəli təhlil edilib.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.