REGİONLAR
Naxçıvanda mədəniyyət müəssisələri onlayn fəaliyyətlərini davam etdirirlər
Naxçıvan, 7 avqust, AZƏRTAC
Muxtar respublikada mədəniyyət müəssisələri onlayn fəaliyyətlərini davam etdirirlər. Ötən ay Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı onlayn formada “Qızıl xoruz” tamaşasını göstərib. Naxçıvan Dövlət Filarmoniyası da iyul ayında Xalq Çalğı Alətləri Orkestrinin onlayn solo konsertini musiqisevərlərə təqdim edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iyul ayında Cəlil Məmmədquluzadənin və Hüseyn Cavidin ev-muzeylərindən keçirilən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytından, eləcə də sosial şəbəkə hesablarından canlı yayımlanıb. Bundan başqa, Təhsil Nazirliyi ilə birgə iyulun 22-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvləri, iyulun 29-da isə akademik Yusif Məmmədəliyevin ev-muzeyində Ordubad rayon məktəbliləri üçün onlayn ekskursiyalar təşkil olunub. Ötən ay muzeyləri 1964 nəfər yerli, 31 nəfər əcnəbi olmaqla, ümumilikdə, 1995 tamaşaçı ziyarət edib.
Ötən ay 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamına uyğun olaraq tanınmış bəstəkarın həyat və yaradıcılığından bəhs edən, eləcə də əsərlərindən ibarət “Məmməd Məmmədov - 100” adlı kitab nəşr edilib, disk buraxılıb. Bundan başqa, “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının çapa hazırlanması və videodiskinin buraxılması işləri davam etdirilib. Bu günədək, ümumilikdə, 18 yallı ifasının çəkilişi aparılıb. “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsinə iyul ayında yekun vurulub, qaliblər diplomlar, fərqlənən ifaçılar isə fəxri fərmanlarla təltif olunublar.
Hesabat ayında kitabxanalar tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə, 188 material hazırlanıb. Həmçinin şeir, hekayə və poemalardan parçalar bədii qiraət edilməklə 130-dan çox videomaterial və audiokitab hazırlanıb. “Nağıl günləri” layihəsi çərçivəsində iyul ayında 51 audio-nağıl hazırlanıb. Ötən ay muxtar respublikanın kitabxanalarına 3 min 41 oxucu müraciət edib, onlara 15 min 823 nüsxə kitab verilib. Həmçinin Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilib.
İyul ayında xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı Ordubad rayonunda fəaliyyət göstərən mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılıb.
Ötən dövrdə gənclərlə iş sahəsində “Naxçıvan: tarix və mədəniyyətin qovşağı” adlı onlayn müzakirə olub və “Yaşa və öyrən - Dostluq” onlayn intellektual yarışı keçirilib.