REGİONLAR
Naxçıvanda məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib
![Naxçıvanda məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib](/files/2019/3/1200x630/15720774721355934598_1200x630.jpg)
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Bu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 yun şərf əsgərlərimizə hədiyyə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bu kimi tədbirlərin məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər, onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərdiyini bildirib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov tədbirdə çıxış edərək deyib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Tural Xələfov, əsgər Vasif İsazadə hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.