Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov aprelin 13-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Naxçıvanın Bakıdakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin, hərtərəfli strateji əlaqələrin, eyni zamanda, muxtar respublika ilə qurulmuş yüksəksəviyyəli əlaqələrin daha da möhkəmlənməsində, genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafında xidmətlərinə görə səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikasının rəhbərliyi adından təşəkkür edib.
Səfir Erkan Özoral fəaliyyəti dövründə onunla əsl dostluğa, qardaşlığa, səmimi əməkdaşlığa və göstərilən yüksək diqqətə görə dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə dərin minnətdarlığını ifadə edib.