NAZİRLƏR KABİNETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verri ki, mayın 6-da Nazirlər Kabinetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Əvvəlcə yığıncaq iştirakçıları - Nazirlər Kabineti Aparatının əməkdaşları Fəxri xiyabana getmiş, orada dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülmüşdür.
Yığıncaq başlamazdan əvvəl Azərbaycanın dövlət himni səslənmiş, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Baş nazirin birinci müavini Yaqub Eyyubov güclü müstəqil Azərbaycanın yaradılmasında ümummilli liderin xidmətlərindən, ölkənin iqtisadi sahədə uğurlarından bəhs edərək demişdir ki, iqtisadi nailiyyətlərin əsası neft strategiyası, bu strategiyanın müəllifi isə müdrik və uzaqgörən siyasi xadim, ulu öndər Heydər Əliyevdir. Onun təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri Azərbaycanı regionda lider dövlətə çevirmişdir.
Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantı olmaqla bərabər, sərbəst iqtisadi münasibətlər mexanizmlərini hərəkətə gətirmiş, ölkənin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqın maddi rifahının yüksəlməsi üçün böyük əhəmiyyət kəsb edən xarici investisiyaların cəlb olunmasını təmin etmişdir. Bütün bunlar həm dövlətimizin daxili qüdrətinin, həm də onun beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Azərbaycanda neft hasilatı həcminin artması daha iri ixrac boru kəməri tikintisinin zəruriliyini şərtləndirmişdir. Heydər Əliyev hələ 1994-cü ildə həmin boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə çəkilməsi ideyasını irəli sürmüşdü. Bu ideyanın həyata keçirilməsi heç də asan olmadı, lakin bir sıra dövlətlərin mövqelərinin uzlaşdırılması üçün görülmüş qətiyyətli tədbirlər öz bəhrəsini verdi və 1999-cu ildə neftin bu marşrut üzrə nəql edilməsi haqqında saziş və layihənin dəstəklənməsi haqqında “İstanbul bəyannaməsi” imzalandı. Bu gün Heydər Əliyevin adını daşıyan həmin boru kəməri ilə Aralıq dənizi sahillərinə, dünya bazarlarına milyonlarla barrel Azərbaycan nefti göndərilir.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi kimi qlobal layihə də başa çatdırılmış, perspektivdə Şərq ilə Qərbin genişmiqyaslı əməkdaşlığı üçün imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlanmışdır. Böyük İpək yolunun bərpa edilməsi Azərbaycanı tranzit ölkəyə çevirməklə bərabər həm də onun ixrac imkanlarını genişləndirir və milli iqtisadiyyatın dünyaya inteqrasiyası üçün geniş perpektivlər açır. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, Azərbaycanın istər regional, istərsə də qlobal layihələrdə öz milli mənafelərini müdafiə etməsi çox vacibdir.
Sonra Nazirlər Kabineti Aparatının əməkdaşları çıxış etdilər. Onlar müstəqil Azərbaycan dövlətinin, güclü ordunun və iqtisadiyyatın yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd etdilər.
######
