NƏĞMƏLƏRİN ŞİRİN İFAÇISI
Məlahətli səsi, lirik ifa tərzi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti və nəhayət sənətə vurğunluğu ilə xalqımızın sevimlisinə çevrilmiş qüdrətli sənətkar Şövkət Ələkbərovanın yaddaşımıza həkk olunmuş gülümsər çöhrəsi daim gözlərimiz önündədir. Müğənninin şirin və məlahətli səsi musiqisevərlərin qəlbinə hakim kəsilmişdir... Bu fikirlər noyabrın 28-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində unudulmaz Şövkət Ələkbərovanın anadan olmasının 80 illiyi münasibətilə keçirilən xatirə gecəsində səslənmişdir.
Mədəniyyət naziri Polad Bülbüloğlu Şövkət xanımın anadan olmasının 80 illiyinin qeyd edilməsi barədə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamının icrası ilə bağlı görülən tədbirlərdən bəhs etdi.
Respublikanın tanınmış mədəniyyət xadimləri, musiqiçilər gecədə çıxış edərək Şövkət Ələkbərova sənətinin ümumxalq məhəbbəti qazanmasından söhbət açdılar. Qeyd edildi ki, xalq musiqisinə məhəbbət və hörmət mühitində yetişmiş Şövkət xanımın bütün yaradıcılıq ömrü Dövlət Filarmoniyası ilə bağlı olmuşdur. 50 ildən çox bir müddət ərzində o, sənətin zirvələrinə ucalaraq milli ifaçılıq sahəsində öz məktəbini yaratmış, klassik sənətkarlarımızın cərgəsində layiqli yer tutmuşdur. Azərbaycanın bir çox görkəmli müğənniləri onun zəngin təcrübəsindən, ifaçılıq məktəbindən bəhrələnmişlər.
Xatirə gecəsində incəsənət ustalarının ifasında unudulmaz müğənninin bir vaxtlar sevə-sevə oxuduğu kövrək və lirik mahnılar səsləndi.
Tədbirin iştirakçıları muzeyin foyesində müğənninin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.
X X X
Həmin gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də tanınmış müğənni və pedaqoq, xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 80 illiyi münasibətilə gecə keçirilmişdir.
Gecədə Şövkət xanımın ifasında səslənən hər bir muğam və mahnının mədəniyyətimizin qızıl fonduna daxil olaraq xalqımızın milli mədəni sərvətinə çevrilməsindən, müğənninin Azərbaycan bəstəkarları F.Əmirovun, C.Cahangirovun, S.Rüstəmovun, T.Quliyevin, S.Ələsgərovun və başqalarının mahnılarının ilk ifaçısı olmasından, onların yüksək sənət səviyyəsinə qalxmasına öz töhfəsini verməsindən bəhs edildi.
Sonra incəsənət ustalarının geniş proqramla konserti oldu.