CƏMİYYƏT
Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində Azərbaycanda səfərdə olan Nepal Federativ Demokratik Respublikasının baş prokuroru Rameş Badalın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bundan başqa, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu qeyd edilib.
Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və müvafiq konsepsiya barədə ölkəsinin vəzifəli nümayəndələrinə məlumat verəcəyini bildirib. Eyni zamanda, görüş çərçivəsində sözügedən istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.