Nərimanov rayonunda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Nərimanov rayonunda Vətən Müharibəsi qəhrəmanları polkovnik Zaur Nudirəliyev və baş leytenant Azad Hümbətovun adlarının verildiyi küçələrdə lövhələrin açılış mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının rəhbər və nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
Mərasimdə şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub. Daha sonra şəhidlərin ailə üzvləri tərəfindən lövhələrin açılışı olub.
Sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini də dərin ehtiramla yad ediblər.
Daha sonra “Zəfər dastanı” adlı tədbir keçirilib. Tədbirdə rayon məktəblilərinin ifasında “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sənədli film nümayiş edilib. Eləcə də Vətən müharibəsi şəhidlərinin həyatından və döyüş yolundan bəhs edən “44 günlük Zəfər dastanı” kitabının təqdimatı keçirilib.