Nəsimi rayonunda tələbələr arasında stolüstü tennis yarışı keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin idman kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tələbələr arasında Azərbaycan Gəncləri Gününə həsr olunmuş stolüstü tennis üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Onlar bədən tərbiyəsi və idmanın sağlam gəncliyin formalaşmasındakı rolunu da yüksək qiymətləndirərək bu cür yarışların təşkilinin əhəmiyyətini qeyd ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarışa start verilib. Oğlan və qızlar arasında təşkil edilən turnir maraqlı mübarizə şəraitində keçib.
Yarışın nəticələrinə görə, qızlar arasında Nərgiz Həsənova, Fatimə Əmirəliyeva, Azin Ali Mohammadı ilk üçlükdə qərarlaşıblar. Oğlanlar arasında isə Əli Balakişiyev, Alhareth Ben Saleh və Bilal Kavak fərqləniblər.
Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.