Niderlandda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Niderlanddakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Amsterdamda fəaliyyət göstərən Holokost və Soyqırımı Araşdırmaları üzrə Niderland Müharibə Sənədləşmələri İnstitutunda (NIOD) “dəyirmi masa” təşkil olunmuşdur.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir.
“Dəyirmi masa”da Xocalıda erməni vəhşiliklərindən bəhs edən sənədlər NIOD-un nümayəndələrinə təqdim olunmuşdur. Həmçinin XX əsrin əvvəllərində Qubada ermənilər tərəfindən yəhudilərə qarşı törədilmiş soyqırımı haqqında məlumat verilmiş, bu məsələnin dərindən araşdırılmasının vacibliyi bildirilmiş və bununla bağlı müvafiq ədəbiyyatlar təqdim edilmişdir.
Bundan başqa, Niderlanddakı səfirliyin NİOD ilə Azərbaycanda törədilmiş soyqırımı aktlarının araşdırılması sahəsində əməkdaşlıq etməsi barədə fikir mübadiləsi aparılmış, bununla bağlı birgə tədbirlərin keçirilməsinin mümkünlüyü müzakirə olunmuşdur.
Niderlandda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də “Xocalı həftəsi” çərçivəsində bir sıra tədbirlər keçirilmişdir. Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Niderlandın müxtəlif şəhərlərində Xocalı faciəsi ilə bağlı toplantılar, nümayişlər təşkil olunmuşdur. İştirakçılara Xocalı soyqırımından bəhs edən fotoşəkillər, kitablar, broşürlər paylanmışdır.
Benilüks Azərbaycanlıları Konqresi Hollandiya Türk Federasiyası ilə birgə Amsterdam, Haaqa, Eindhoven, Rotterdam, Utrext, Tilburq daxil olmaqla ümumilikdə 20 şəhərdə Vahid Mustafayevin Xocalı soyqırımından bəhs edən “Xoca” filmi nümayiş etdirilmişdir.
Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında “Xocalı faciəsi - Unutmayın, unutdurmayın!” adlı anım mərasimi keçirilmişdir. Mərasimdə Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının, dünyanın bu faciəni soyqırımı kimi tanımasının vacibliyi vurğulanmışdır.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Haaqada fəaliyyət göstərən Nizami Gəncəvi adına məktəbdə “Əsrin faciəsi” adlı açıq dərs keçirmişdir. Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri, şagirdlər və onların valideynləri, şəhid ailələri iştirak etmişlər.