NİKAS SAFRONOV 50 İLLİK YUBİLEYİNİ QEYD ETMİŞDİR
Nikas Safronov çoxsaylı gözəl tabloların, bir çox görkəmli siyasi xadimlərin portretlərinin müəllifidir. Ümummilli liderimiz Heydər Əliyevin nadir portreti də rəssamın bu qəbildən olan əsərlərindəndir. Burada ulu öndərin obrazı böyük məhəbbətlə və olduqca təsirli təsvir edilmişdir. Rəssamın bir neçə il əvvəl Bakıda açılan sərgisi yüksək sənət sərraflarının qəlbində dərin iz buraxmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrümüzün böyük sənətkarına təbrik məktubu yollamışdır. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu yubilyara təqdim etmişdir.
Məktubda deyilir: “Siz parlaq istedadınız sayəsində müxtəlif janrlarda çoxsaylı əsərlər yaradaraq, bir çox ölkələrdə insanların hörmət və məhəbbətini qazanmışsınız. Sizin yaradıcılığınızla təmasda olub, ona laqeyd qalan adam çətin ki tapılsın. Sizin XX əsrin siyasətçilərindən ibarət portretlər qalereyanız böyük beynəlxalq qiymət almışdır. Unudulmaz Heydər Əliyevin obrazının özünüzə məxsus tərzdə bədii təsvirini Azərbaycanda yüksək qiymətləndirirlər. Sizin Bakıda açılan ilk sərginizdən xeyli vaxt ötür və bakılılar haqlı olaraq, sizin yaradıcılığınızla yeni görüş gözləyirlər”.
Nikas Safronov Prezident İlham Əliyevin təbrik məktubunu böyük minnətdarlıq hissi ilə qəbul edərək, ona göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir. O demişdir: “Mən Azərbaycan Prezidentinə minnətdaram. Mən bu ailə ilə, həqiqətən, uzun illərdir dostluq edirəm və çox xoşdur ki, orada unudulmuram, məni xatırlayırlar. Bakıda öz sərgimi böyük məmnuniyyətlə təşkil edərəm”.
N.Safronovu “Azərbaycan Prezidentini dəstəkləyən azərbaycanlılar Fondu” da təbrik etmişdir. Fondun sədri Xanlar Abulov Azərbaycan xalqının ümummilli liderinin təsviri olan “Azərbaycanın Qızıl ulduzu” ordenini rəssama təqdim etmişdir. X.Abulov demişdir ki, Fondun ilk ordeninə Prezident İlham Əliyev layiq görülmüşdür, ikinci orden isə 50 illik yubileyi ilə əlaqədar Nikas Safronova təqdim olunur.
Yubilyar mükafata görə dərin minnətdarlığını bildirmişdir.