MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində növbəti qala-gecə
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Nizami Kino Mərkəzində, keçən ilin sonunda tamaşaçı rekordu qıran milli “My name is İntiqam” komediya filminin ikinci hissəsinin - “My name is İntiqam 2 -Moldova” filminin qala-gecəsi olacaq.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi “My name is İntiqam 2 -Moldova” filminin ideya müəllifi Fariz Əliyevdir. Filmin prodüseri və baş rolun ifaçısı Müşfiq Şahverdiyev bu filmdən daha çox uğurlu nəticə gözlədiklərini söyləyib.
Birinci filmdə bir milyon pul qazanan İntiqam, ikinci hissədə o pulu götürüb Moldovanın paytaxtı Kişinyov şəhər meriyasının meri olmaq üçün namizədliyini irəli sürməyə gedir...
Birinci hissədə oynayan ən sevilən personajlar filmdə yenidən rol alıblar. Filmdə aktyorlar Müşfiq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldovanın komediya ustası, aktyor İon Mocano çəkilib.
Qala-gecəsinə Moldovadakı həmkarlar da dəvət olunub.
Filmdən əvvəl qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaqlar.