CƏMİYYƏT
Nizami rayonundakı “8-ci kilometr” bazarında cibgirlik edən şəxs saxlanılıb
Bakı, 8 may, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi 47 ünvanında yerləşən bazarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydiyyatda olan Səid Göyçayev tutulub. Araşdırma zamanı onun “8-ci kilometr” bazarında cari ilin aprel və may aylarında əsasən yaşlı qadınların cibindən pul kisələri oğurladığı məlum olub. Hələlik zərərçəkən şəxslərdən ikisinin müvafiq olaraq 150 və 435 manat pulunun S.Göyçayev tərəfindən oğurlandığı sübuta yetirilib.
Faktlarla bağlı saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. S.Göyçayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.