Norveçin “Document.no” saytında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarından bəhs edən məqalə yayımlanıb
Stokholm, 15 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı bu ölkənin “Document.no” saytında məqaləsi yayımlanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində genişmiqyaslı hərbi təxribata əl atdığı bildirilib. Qeyd olunub ki, çətin dağlıq ərazidən və əlverişsiz hava şəraitindən istifadə edən Ermənistanın təxribat qrupları Azərbaycan Ordusunun mövqeləri yanında və təchizat yollarını minalamağa cəhd edib. Bununla yanaşı, Azərbaycan Ordusunun mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif növ silahlardan, o cümlədən minaatan və artilleriya qurğularından intensiv atəşə məruz qalıb. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyətindən itkilərlə yanaşı, hərbi infrastruktura ciddi zərbə vurulub.
Səfir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatların dərhal qarşısının alınması, hərbçilərin, eləcə də abadlıq-quruculuq işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxirəsalınmaz cavab tədbirləri həyata keçirib, qarşı tərəfə adekvat cavab verib. Bununla yanaşı, Azərbaycan tərəfindən Ermənistanın heç bir mülki obyektinə hücum edilməyib və nəticədə qarşı tərəfin də təsdiqlədiyi kimi, dinc əhali arasında ölən və yaralanan yoxdur. “Azərbaycan hərbçiləri yalnız yaxınlıqdakı hərbi obyektləri hədəfə alıblar və bu zərbələr Ermənistanın Azərbaycana hücum imkanlarının qarşısını almaq məqsədilə edilib”, - deyə yazıda vurğulanıb.
Məqalədə bildirilib ki, baş verən toqquşma yeganə hal deyil. Bu, Ermənistanın son günlər törətdiyi hərbi və siyasi təxribatlar silsiləsinin yalnız bir elementidir. Ermənistan ilə Azərbaycan arasında baş vermiş müharibənin dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını xatırladan Zaur Əhmədov qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri hələ də həyata keçirmədiyini, silahlı qüvvələrinin bölmələrini Azərbaycan ərazilərindən çıxarmadığını bildirib. Belə ki, erməni hərbi qüvvələri üçtərəfli sazişin imzalanmasından sonra 240 azərbaycanlı mülki və hərbçinin ölümünə və yaralanmasına səbəb olan minaları Azərbaycan ərazilərinə yerləşdirməkdə davam edir.
Digər tərəfdən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupun avqustun 30-da keçirilən iclasında Ermənistan tərəfi əvvəllər əldə olunan razılaşmaları təkzib edərək təxminən iki il davam edən danışıqlara zərbə vurub.
Azərbaycan tərəfinin sülh müqaviləsi üzrə konkret danışıqlara başlanmasına dair təklifinə hələ də cavab verilməməsinə də toxunan diplomat avqustun 31-də hər iki ölkə liderlərinin Brüssel görüşündən dərhal sonra Azərbaycanın iki ölkənin liderləri arasında görüşün keçirilməsini təklif etdiyini bildirib. Lakin bu və digər sülhməramlı təkliflər də Ermənistan tərəfindən cavabsız qalıb.
Yazıda Azərbaycanın regionda hərbi eskalasiyada maraqlı olmaması, hazırda ən son hərbi eskalasiya zonasına yaxın ərazilərdə bərpa-yenidənqurma işləri gördüyü, milyardlarda dollar dəyərində irimiqyaslı investisiya layihələri həyata keçirdiyi, belə hərbi qarşıdurmaların bu layihələr üçün birbaşa təhlükə törətdiyi bildirilib. “Baş verən proseslərdə Ermənistanın nümayiş etdirdiyi destruktiv fəaliyyət Azərbaycanla erməni əsilli yerli sakinlər arasında əlaqələrin və dialoqun inkişafına da mane olur. Bununla yanaşı, Ermənistanda ağır silahlanma niyyətləri açıq şəkildə müşahidə olunur. Ermənistan delimitasiya olunmamış dövlət sərhədində irimiqyaslı hərbi təxribatlara əl atmaqla üçüncü tərəfləri cəlb etmək və gərginliyin coğrafiyasını genişləndirmək məqsədi güdür. Ermənistan beynəlxalq münasibətlərdə mövcud gərginlikdən, müxtəlif regionlarda siyasi və hərbi böhrandan sülh danışıqlarından qaçmaq üçün bəhanə əldə etmək niyyətindədir”.
Stokholm