Novxanıda “Qürur gənclər düşərgəsi” təşkil edilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi “Olimpik Novxanı Hotel”də 15-18 yaşlı gənclər üçün “Qürur gənclər düşərgəsi” təşkil etmişdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycan haqqında biliklərinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir.
Düşərgə özündə iki fəaliyyəti - təlim və əyləncə tədbirlərini birləşdirir. Təlimlər “Azərbaycan, onun tarixi, mədəniyyəti, dövlət atributları”, “Silahlı münaqişələr və Azərbaycanın ərazi bütövlüyü”, “Vətənpərvərlik ruhunun tərbiyəsi və bu sahədə gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərin iştirakı və liderlik”, “Sosial şəbəkələrdən istifadə, virtual aləmdə Azərbaycan reallıqlarının təbliği və gənclər arasında vətənpərvərlik aksiyalarında həmrəyliyin artırılması” və digər mövzuları əhatə edir.
Düşərgənin açılış mərasimində ictimai birliyinin sədri Sevinc Muradova çıxış edərək gənclərin təşəbbüskarlığının artırılmasının vacibliyini qeyd etmiş və bu istiqamətdə təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Daha sonra “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov çıxış edərək düşərgənin işinə uğurlar arzulamışlar.
Düşərgənin ilk günü iştirakçılar arasında “Vətəni tanı” müsabiqəsi keçirilmiş və “Dədə Qorqud” filmi göstərilmişdir.
Sonra düşərgə işini “Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri” sessiyasında Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədlinin mühazirəsi və müzakirələrlə davam etdirmişdir.
Düşərgə noyabrın 15-də başa çatacaqdır.