CƏMİYYƏT
Odessada soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib
Odessa, 13 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Odessa şəhərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib.
AZƏRTAC xəbər verir ki, Odessadakı Azərbaycan Evində keçirilən görüşdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Qalibbəy Ağadadaşov Odessa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
Q. Ağadadaşov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
Vətəndaşlara bildirilib ki, səyyar görüşlərin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar verməkdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev