OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir
Bakı, 4 iyun, AZƏRTAC
Yaxın Şərqdəki münaqişələrin yaratdığı enerji xərcləri və polad istehsalına düşən yük, eləcə də Çinin geniş istehsal subsidiyaları nəticəsində bazarda yaranan həddindən artıq istehsal gücü səbəbindən qlobal miqyasda polad sənayesi problemlərlə üzləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında deyilir.
Bildirilir ki, polad tələbatının azalmasına baxmayaraq, qlobal istehsal gücü davamlı olaraq artır və istehsal gücündən istifadə nisbətləri ənənəvi səviyyələrdən xeyli aşağı düşür.
Hesabatda poladın demək olar ki, bütün sənaye fəaliyyətləri üçün əsas zərurət olduğu və bir çox strateji sektorlarda olduqca vacib əhəmiyyət daşıdığı qeyd edilib. Dünya miqyasında istehsal vahidlərinin quraşdırılmış gücü ilə faktiki istehsal səviyyələri arasındakı fərq ötən il 640 milyon tona çatıb və 2028-ci ilə qədər isə 745 milyon tona çatacağı gözlənilir. Bu proqnoz ötənilki təxminən 1,8 milyard ton olan ümumi polad tələbatının üçdəbirindən çoxunu təşkil edir.
Qlobal polad profisitinin 54 faizi Çinin payına düşür. Belə ki, rəsmi Pekin 2019-cu ildən bəri Çinin polad istehsalçılarına verdiyi subsidiyaları təxminən ikiqat artırıb və bu göstərici OECD ölkələrindəki istehsalçıların aldığı dəstəkdən təxminən 15 dəfə çoxdur.
Hesabatda xammal təchizatına artan təzyiqlər də qeyd olunub, dünyada polad istehsal edən heç bir ölkənin özünü xammal ehtiyatları ilə tam təmin edə bilmədiyi, polad istehsalı üçün vacib olan xammal ixracına qoyulan məhdudiyyətlərin qlobal miqyasda genişləndiyi və hazırda 42 ölkənin tullantı ixracını məhdudlaşdırdığı bildirilir. Yaxın Şərqdəki münaqişə səbəbindən artan enerji xərclərinin, enerji tələb edən bir sektor olan polad istehsalına əlavə yük yaratdığı və polad istehsalı xərclərinin 40 faizə qədərinin enerji ilə təmin olunduğu vurğulanır.
“Bu təzyiqlər sektor üzrə investisiya qərarlarına mənfi təsir göstərir və bir çox aşağıemissiyalı polad istehsalı layihələrinin təxirə salınmasına səbəb olur”, - deyə hesabatda bildirilir.
Qeyd edək k, OECD-nin hesabatı əsasən sənayeləşmiş 38 ölkəni əhatə edir.