Oftalmoloq peşəkarlığı, ana qayğıkeşliyi, insan xeyirxahlığı
Bakı, 26 aprel, AZƏRTAC
Ötən əsrin 60-70-ci illərində gözün infeksion xəstəliklərindən olan traxoma çox geniş yayılmışdı və əhalinin xeyli hissəsi kor olmaq təhlükəsi ilə üzləşmişdi. Həmin vaxt Zərifə Əliyeva ölkəmizin tanınmış oftalmoloqları ilə birgə həmin xəstəliyin qarşısının alınmasında müstəsna xidmətlər göstərib. O, 1947-ci ildə Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra Moskvada İxtisasartırma kursunu keçəndən sonra traxoma xəstəliyi ilə əlaqədar tədqiqatları davam etdirib və bu sahədə ən yaxşı mütəxəssislərdən biri sayılırdı. Təsadüfi deyil ki, o, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın oftalmoloq olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetində Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə tədbirində danışılıb.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın keçdiyi həyat yolu və həkimlik fəaliyyəti dövründəki müalicə üsulları barədə söhbət açıb. Məşhur oftalmoloqun həyatının ayrı-ayrı məqamlarını əks etdirən videogörüntülər nümayiş olunub.
Universitetin oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev akademiki oftalmoloq peşəkarlığı, ana qayğıkeşliyi, insan kimi nəcib və xeyirxah keyfiyyətləri barədə bəhs edərkən deyib: “Zərifə xanım təkcə oftalmologiya sahəsində deyil, dentologiya, tibbi etika barədə də çox maraqlı tədqiqatların müəllifi idi. Onun qələmə aldığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır”. Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva və rezidenti Şükür İmanov məşhur oftalmoloq -alimin elmi araşdırmaları, monoqrafiyaları, müalicəyə çətin tabe olan xəstəliklər sahəsində apardığı tədqiqatlardan bəhs ediblər. Onlar görkəmli professorun kitablarını bu gün də xeyirxah peşə sahibləri üçün ən yaxşı vəsait olduğunu söyləyiblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xeyirxah əməlləri və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunu sonrakı nəsillər üçün misilsiz örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.
Xatirə tədbirində rayonda yaşayan aztəminatlı ailələrə tibbi ləvazimatlar paylanılıb.