Oğurluq törətmiş şəxslərin digər cinayət əməlləri də müəyyən olunmuşdur
Bakı, 11 noyabr (AZƏRTAC). Sabunçu rayonunda Seymur Babayevə məxsus “VAZ-2106” markalı avtomobildən pul, sənədlər və spirtli içki oğurlanmışdır.
Sabunçu Rayon Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Xaçmaz rayon sakini Elşad Yusupov yaxalanmışdır.
Aparılmış araşdırmalar nəticəsində onun Ayət Gülməmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması, habelə onun Loğman adlı şəxslə birgə Fərhad Tağıyevə məxsus “VAZ-2107” markalı avtomobili də qaçırmaları müəyyən edilmişdir.
Lənkəran şəhərində isə Mirdaməd Ramazanova məxsus çayxanadan televizor oğurlanmış, bununla bağlı şəhər sakini Elçin Həsənli saxlanılmışdır.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onun Yaşar Şərifova məxsus aptekdən dərman preparatları, Hünər Hadızadəyə məxsus yardımçı otaqdan tikinti materialları oğurlaması da müəyyən edilmişdir.
Sabirabad rayonunda Zeynal Əlişovun evindən içərisində 60 min dollar dəyərində qızıl əşyaları və sənədlər olan seyf oğurlanmışdır.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Hacıqabul şəhər sakini Gülnarə Qarayeva tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.