OGUZDA “HEYDƏR ƏLİYEV İRSİ VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Oğuzda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli liderimizin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov bu günlər respublikamızın hər bir guşəsində, eləcə də onun hüdudlarından kənarda bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş ümummilli liderimiz, türk dünyasının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin 85 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini bildirmişdir.
A. Əlihüseynovun geniş məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir: Heydər Əliyev elə liderlərdəndir ki, o bir xalqın görkəmli övladı olmaqdan çıxaraq, bəşəriyyətin tanıdığı simaya çevrilmişdir. Özünün bilik və bacarığı, kamil şəxsiyyəti, intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, başlıcası isə, dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Məruzədə qeyd olunmuşdur ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasətçi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Heydər Əliyevə tariximizin yaddaşına əbədi həkk olunmaq hüququ, doğma xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır.
Konfransda “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Azərbaycan xalqının tərəqqisində Heydər Əliyevin rolu”, “Heydər Əliyev irsi öyrənilir”, “Heydər Əliyev və müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı”, “Heydər Əliyev və təhsilin inkişafı”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələr də dinlənilmişdir.
Sonra ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika turnirlərində uğur qazanmış idmançılara, məktəblilər arasında keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” inşa yazı müsabiqəsinin qaliblərinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilmişdir.
Konfransın sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.