Oğuzda narkotik vasitə becərən qohumlar polisə silahlı müqavimət göstəriblər
Bakı, 3 avqust, AZƏRTAC
Oğuz rayonunda narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum edilmiş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün üzərində qanunsuz gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb.
Şöbənin cinayət-axtarış bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddətdə Şirvanlı kəndində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov” markalı tapança, içərilərində 15 patron olan iki sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan çox qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənddəki evindən isə 37 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.