DÜNYA
Oktyabrın 1-i Beynəlxalq Musiqi Günüdür
Bakı, 1 oktyabr, AZƏRTAC
1975-ci ildən etibarən hər il oktyabrın 1-də qeyd olunan Beynəlxalq Musiqi Günü iki il əvvəl UNESCO-nun Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə Lozannada Şuranın 15-ci Baş Assambleyasında təsis edilib.
AZƏRTAC xatırladır ki, Beynəlxalq Musiqi Gününün təsis edilməsinin təşəbbüskarlarından biri bəstəkar Dmitri Şostakoviç və Beynəlxalq Musiqi Şurasının sədri Yehudi Menuhin olub.
Bayram bütün dünyada hər il ən yaxşı sənətkarların və bədii kollektivlərin iştirakı ilə böyük konsert proqramları ilə qeyd olunur, həmçinin dünya mədəniyyəti xəzinəsinə daxil olan bəstələr dinlənilir. Eyni zamanda, bəstəkarlar, ifaçılar, musiqişünaslarla yaradıcılıq görüşləri keçirilir, tematik sərgilər və maarifləndirici tədbirlər təşkil olunur ki, bu da musiqinin bir sənət kimi müxtəlif icmalarda yayılması məqsədinə xidmət edir.
Bəşəriyyət musiqi ilə ən qədim zamanlardan tanış olub. Afrika mağaralarında çoxdan yoxa çıxmış tayfaların qayaüstü rəsmlərində musiqi alətləri olan insanlar təsvir edilib. 2000-ci ildə Çin arxeoloqları iki min il əvvəl, Han sülaləsi dövründə yaradılmış musiqi alətləri muzeyini aşkar ediblər.
Əsrlər və minilliklər boyu musiqi hər bir xalqın mədəni ənənəsinin, dini ayinlərinin və gündəlik həyatının ayrılmaz hissəsi olub.
Musiqi dövrümüzdə də öz əhəmiyyətini itirməyib, əksinə, ona tələbat artır. İnternet məkanı, musiqi yazmaq və ifa etmək üçün müasir vasitələr onu daha əlçatan edir. Bütün bunlar insanların, xüsusən gənc nəslin müxtəlif mədəni mühitlər, təbəqələr, musiqinin mütləq mövcud olduğu ənənələr haqqında biliklərini genişləndirməyə kömək edir. Ona görə də Beynəlxalq Musiqi Günü həm də xalqlar arasında yaxınlaşma və dostluq, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi ideyasını həyata keçirir.