Olimpiya çempionu Aleksandr Vinokurov: “Tour d’Azerbaijan” - əla təşəbbüsdür
Bakı, 13 noyabr (AZƏRTAC). “Tour d’Azerbaijan”- əla təşəbbüsdür. Bu kateqoriyadan olan veloyürüşlər bütün ölkənin əhəmiyyətini artırmağa kömək edər. Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsi üçün hər cür şərait var. Qazaxıstanda yürüşlərin belə növləri təzəcə yaranır.
London Olimpiadasında velosiped idmanı üzrə çempion olmuş, hazırda Qazaxıstanın “Astana” komandasının baş meneceri Aleksandr Vinokurov bu sözləri xarici KİV-lərə müsahibəsində söyləmişdir. “Tour d’Azerbaijan” veloyürüşündə iştirak etmək arzusunda olduğunu bildirən adlı-sanlı idmançı demişdir: “Ümid edirəm ki, ikigünlüyə Azərbaycana gəlməyə imkanım olacaq. Mən bu gözəl ölkəyə səfər etməyə çox şad olaram. İndiyə qədər heç vaxt Azərbaycanda olmamışam, onun haqqında yalnız televiziya süjetlərinə baxmışam”.
A.Vinokurov Azərbaycanın “Synergy Baku” komandasına kömək göstərməyə hazır olduğunu da söyləmişdir. Azərbaycan komandasının perspektivlərindən söhbət açan olimpiya çempionu demişdir: “Əsas məsələ budur ki, komanda lazımınca işləyir. Sevindirici haldır ki, ölkə rəhbərliyi bu komandanın ehtiyaclarını başa düşür. Resurslar düzgün bölüşdürülsə və lazımi dəstək olsa, “Synergy Baku” komandasında həqiqətən yaxşı yürüşçülər yetişə bilər”.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq “Tour d’Azerbaijan” veloyürüşü bu il mayın 1-dən 5-dək Bakı, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Oğuz bölgələrində keçirilmişdir.