Ölkəmiz “Nəvaiyə sərmayə” II beynəlxalq biznes forumunda təmsil edilib
Daşkənd, 3 may, AZƏRTAC
Özbəkistanın Nəvai şəhər hakimiyyəti, Dövlət Ticarət-Sənaye Palatasının birgə təşəbbüsü ilə Nəvai şəhərində keçirilən “Nəvaiyə sərmayə” II beynəlxalq biznes forumunda Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, foruma 40 ölkədən 250-dən çox xarici şirkətin təmsilçiləri, iş adamları, Özbəkistandakı diplomatik korpusun nümayəndələri qatılıb. Forumda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi Arif Abbasov və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təmsil edib.
Tədbiri Nəvai Vilayət Hakimi Kobul Tursunov açaraq 2-ci dəfə keçirilən “Nəvaiyə sərmayə” forumu barədə məlumat verib, Nəvai bölgəsinin iqtisadi imkanları haqqında söhbət açıb. Bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə Nəvai vilayətində 81,4 hektar ərazidə Azad İqtisadi Zona yaradılıb, bu ərazidə istehsalat sahəsi, zavod və fabriklərin tikilməsi, habelə mövcud istehsalat-sənayə komplekslərinin təkmilləşdirilərək fəaliyyət göstərməsi nəzərdə tutulur.
Forumda mədən və kimya sənayesi, inşaat, energetika, yüksək texnologiyalar, əczaçılıq, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə bölgənin investisiya potensialı üzrə təqdimatlar keçirilib. İştirakçılar B2B və G2B formatlarında görüş keçirilib və Azad İqtisadi Zonanın ərazisində fəaliyyət göstərən müəssisələrə baş çəkiblər.
Həmçinin forum çərçivəsində Nəvai Vilayətinin hakimi K.Tursunov Azərbaycan nümayəndələri ilə görüşüb Nəvai ilə Azərbaycan regionları arasında əlaqələrin qurulması, habelə ölkəmizdəki şirkətlərin, iş adamlarının bölgədəki investisiya layihələrinə cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Nəvai vilayətinin mərkəzi olan Nəvai şəhəri Daşkənddən 460 kilometr məsafədə yerləşir. Vilayət təbii sərvətlərlə olduqca zəngindir. Burada qızıl, uran, qaz, neft, gümüş, sink və başqa təbii ehtiyatlar var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd