CƏMİYYƏT
Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən, Anım Günü ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən məscidlərdə şəhidlərimizin xatirəsi anılıb, “Qurani-Kərim”dən ayələr tilavət edilib, namazlar qılınıb, əziz ruhlarına dualar oxunub. Dindarlar Vətənimizin azadlığı və bütövlüyü uğrunda savaşda yaralanan əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar ediblər. Moizələrdə Zəfərlə başa çatan 44 günlük müharibənin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun rəşadəti, Vətən sevgisi, şəhidlik və onun məqamı barədə geniş məlumat verilib. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib.
Anım Günü paytaxt, eləcə də bölgələrdəki kilsə və sinaqoqlarda da qeyd olunub.