ÖLKƏNİN DAĞ VƏ DAĞƏTƏYİ RAYONLARINA YARDIM PROQRAMI HƏYATA KEÇİRİLİR
Azərbaycan hökuməti ilə Beynəlxalq Kənd Təsərrüfatına Yardım Fondu arasında 2000-ci il noyabrın 27-də bağlanmış müqaviləyə əsasən, bu Fondun ölkəmizin dağlıq və dağətəyi rayonlarında kənd təsərrüfatının inkişafı proqramının hazırlanmasına Fondun kredit ayırması barədə razılıq əldə edilmişdir. Kənd təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi proqramı hazırlamış və onu həyata keçirməyə başlamışdır. Proqramın direktoru Vüqar Mehdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, proqramda onun əsas məqsədləri - dağlıq və dağətəyi rayonlarda kənd təsərrüfatının inkişafına kömək, fermer təsərrüfatlarının yaradılması, habelə yetişdirilmiş kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasında yardım göstərilməsi, bu rayonların əhalisinin həyat səviyyəsinin artırılması - aydın göstərilmişdir.
İki mərhələdən ibarət olan proqramın gerçəkləşdirilməsi üçün 10 milyon dollar kredit ayrılmışdır. 14 ilə nəzərdə tutulan proqramın yeddi illik birinci mərhələsində proqramda iştirak edən fermerlərə onun əsas məqsədlərinin izah edilməsini, kredit verilməsi sistemi texnologiyalarının təkmilləşdirilməsini, əkinçiliyin və heyvandarlığın inkişafına maliyyə yardımı göstərilməsini, habelə marketinq xidmətlərini əhatə edir. Otlaq sahələrinin bərpa edilməsi və genişləndirilməsi, yem bazasının yaradılması və genişləndirilməsi, baytarlıq xidmətinin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması və sairə proqramın üstün istiqamətlərindədir. Proqramda ətraf mühitin mühafizəsinə və bərpasına, torpağın eroziyadan qorunmasına xüsusi diqqət yetirilir. Təşkilat strukturunun yaradılması, proqramın strateqiyasının hazırlanması, kənd təsərrüfatının inkişafına dair müxtəlif fondların səfərbərliyə alınması və dəstəklənməsi, təsərrüfatların zəruri texniki və iqtisadi informasiya ilə təmin olunması bu sənədin mühüm bəndlərindəndir.
Proqramın birinci mərhələsi 4 zonaya ayrılmış 5 rayon üçün nəzərdə tutulmuşdur. O, Naxçıvan Muxtar Respublikasında, Qəbələ, Şahbuz, Gədəbəy, Lerik və Quba rayonlarında həyata keçiriləcəkdir. Birinci mərhələyə Fondun ayırdığı kreditin 85 faizi sərf olunacaqdır.