Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş olub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Avropa Şurasının Avropa Sosial Xartiyası şöbəsinin rəhbəri Regis Brillat və Avropa Şurasının ölkəmizdəki ofisinin rəhbəri Zoltan Hernyes ilə görüş keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Aparatin rəhbəri Aydın Səfixanlı ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən iqtisadi, sosial və mədəni hüquqların təmini sahəsində görülən işlərdən danışıb. O, müvəkkilin Milli Məclisə Avropa Şurasının uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, BMT-nin Əlilliyi olan İnsanların Hüquqlarının müdafiəsi üzrə Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı təkliflər verdiyini diqqətə çatdırıb.
Aparatın beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Müvəkkilin Avropa Şurası və bu qurumun İnsan Hüquqları üzrə Komissarlığı ilə əməkdaşlığından, həmçinin Təsisatın Avropa İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmlər üzrə şəbəkəsinə üzv olmağından və buradakı fəal iştirakından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.