“ORTA ƏSR ƏLYAZMALARINDA TİBB VƏ ƏCZAÇILIQ” KONFRANSININ İŞTİRAKÇILARI YEVLAXDA OLMUŞLAR
Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, görkəmli şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” konfransının üçüncü iclası Heydər Əliyev Fondunun regional nümayəndəliyində davam etdirilmişdir. Şəhər icra hakmiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlamış, iclasın işinə uğurlar arzulamışdır. İclasda ABŞ, Türkiyə, Almaniya, İran, İsrail, Belçika, Bəhreyn, Böyük Britaniya, Misir, Ukrayna, Suriya, Yunanıstan, Gürcüstan və digər ölkələrdən gəlmiş 50-dən çox tanınmış alim iştirak etmiş, 10-dan çox məruzə dinlənilmişdir.
İclasda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fondun fəaliyyət göstərdiyi iki il ərzində səhiyyə, təhsil, elm və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ötən il Azərbaycanın tibbə və əczaçılığa dair üç əlyazması YUNESKO-nun “Dünya yaddaşı proqramı”nın beynəlxalq registrinə daxil edilmişdir. Belçikalı professor Jan-Pyer Triko, bəhreynli professor Feysəl Əl-Nasir, türkiyəli Adnan Atac və başqaları 77 ölkənin adının yer aldığı “Dünya yaddaşı proqramı” beynəlxalq siyahısında 120 sənəddən 3-nün Azərbaycana məxsus olmasını yüksək qiymətləndirmişlər. Vurğulanmışdır ki, bu, Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu göstərir. Bildirilmişdir ki, AMEA-nın Əlyazmaları İnstitutunda saxlanılan 11 minə qədər əlyazmanın 364-ü tibbə aiddir.
İclasın işində Heydər Əliyev Fondunun nümayəndələri, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak etmişlər.
Qonaqlar Nizami Gəncəvi parkını gəzmiş, şəhərin görməli yerləri ilə tanış olmuşlar.