ORTA TEXNİKİ PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI LAYİHƏSİNİN YEKUN HESABATI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, seminarda Yaponiyanın Bakıdakı səfiri Tadahiro Abe öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışmışdır.
O, eyni zamanda, orta texniki peşə təhsilinin inkişafı layihəsini yüksək qiymətləndirdiyini bildirmişdir.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə texniki peşə təhsili sahəsindəki real vəziyyət, mövcud problemlər və inkişaf istiqamətləri haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, nazirlik ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında imzalanmış pilot tədqiqatın icra sazişinə əsasən yaradılmış müvafiq qrup bir neçə dəfə ölkəmizdə olmuş, 93 texniki peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etmiş və yekun hesabatı hazırlamışdır.
Nazir, adı çəkilən sahənin iqtisadiyyatın inkişafındakı mühüm rolunu nəzərə alaraq, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Yanacaq və Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müraciət edildiyini, mütəxəssislərdən ibarət işçi qrupun yaradılmasının vacibliyini diqqətə çatdırmış və texniki peşə təhsilinin inkişaf strategiyasının hazırlanmasını təklif etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında texniki peşə təhsilinin İnkişafı Proqramı” (2006-2009-cu illər) hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Sonra Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının mütəxəssisləri tərəfindən hazırlanmış orta texniki peşə təhsilinin inkişafı layihəsi iştirakçılara təqdim olunmuş və müzakirələr aparılmışdır.
Tədbirdə Baş nazirin müavini Abid Şərifov çıxış etmişdir.