İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 4,5 faiz, tədavül müddəti 728 gündür. İstiqrazlar 2024-cü il avqustun 13-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Emitent tərəfindən təklif edilən istiqrazların həcmi o vaxt 50 faizədək artırıla bilər ki, hərracda dövlət istiqrazlarına tələb təklifi üstələsin və qiymət emitenti qane etsin.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.