İQTİSADİYYAT
Ötən doqquz ayda rabitə və informasiya texnologiyaları sektorunda müsbət nəticələr əldə olunmuşdur
Bakı, 1 noyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr barədə danışmışdır. Nazir dövlət başçısının sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirmiş, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində uğurla həyata keçirilən islahatlar və perspektivlərdən söz açmışdır.
Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin III rübündə bu sahədə müsbət nəticələr əldə edildiyini vurğulamışdır.
Kollegiya iclasında cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,2 faiz artaraq 1068,3 milyon təşkil etmiş, ötən illə müqayisədə artım tempi İKT sektorunda 17,8 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, informasiya texnologiyaları sektorunda 3,8 faiz, poçt sektorunda 14,2 faiz, informasiya sektorunda isə 42,3 faiz təşkil etmişdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, kompyuterlərin sayı 20 ədəd, internet istifadəçilərinin sayı 65, genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan artıqdır. Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.
Kollegiyaya yekun vuran nazir ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddətdə başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli televiziya yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı tapşırıqlar vermişdir.
Bundan əlavə, kollegiyada hər il ənənəvi olaraq keçirilən “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgi-konfransı və Bakıda ilk dəfə olaraq BMT-nin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan İnternet İdarəçilik Forumuna hazırlıq işləri müzakirə olunmuş, hər iki beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün müvafiq göstəriş verilmişdir.