CƏMİYYƏT
Ötən gün dörd yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 3 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 91 cinayət faktından 13-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə beş nəfər, borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.