İQTİSADİYYAT
Ötən il 13 qrant müqaviləsi qeydə alınmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildə 9 kommersiya hüquqi şəxsin 13 qrant müqaviləsi (qərarı) qeydiyyata alınmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qeydiyyata alınmış qrant müqavilələrinin (qərarlarının) ümumi məbləği müxtəlif valyutalarda olmaqla 419 min 950 manat və 711 min 725 ABŞ dolları təşkil etmişdir.
Qrant vəsaitləri etnik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, seminarların təşkili, uşaq resursları inkişafı mərkəzinin yaradılması, avadanlıqla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə tibbi məsləhətlərin, təlimlərin, sosial dəstəyin göstərilməsi, gənc könüllülər və jurnalistlər üçün Azərbaycanın ilk ekoloji interaktiv internet portalının yaradılması, fermerlərə, aztəminatlı ailələrə kənd təsərrüfatı üzrə məsləhətlərin göstərilməsi, təlimlərin keçirilməsi, təlim materiallarının hazırlanması, müxtəlif sənətkarlıq məhsullarının (dulusçuluq məmulatları, ipək parça, toxumalar, taxta və misdən hazırlanmış əl işləri və s.) regionlardan toplanması və satışı fəaliyyətinin genişləndirilməsi və s. bu kimi istiqamətlərə yönəldilmişdir.