ÖTƏN İLDƏ DƏ AZƏRBAYCANDA MAKROİQTİSADİGÖSTƏRİCİLƏR ARTIMLA MÜŞAYİƏT OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən Arif Vəliyev illik hesabatla əlaqədar yanvarın 15-də keçirilən mətbuat konfransında demişdir. Onun sözlərinə görə, makroiqtisadi göstəricilər əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Ölkədə mövcud iqtisadi vəziyyəti xarakterizə edən ümumi daxili məhsul istehsalı 11,2 faiz və ya müqayisəli qiymətlərlə 3,4 trilyon manat artaraq, 35,1 trilyon manata çatmışdır. Əgər 2002-ci ildə ÜDM-in 1 faiz artımı 303,1 milyard manat əlavə dəyərə bərabər idisə, ötən il 350,5 milyard manat təşkil etmişdir. Adambaşına 4,3 trilyon manatlıq (879 ABŞ dolları), yaxud 2002-ci ildəkindən 10,3 faiz çox məhsul istehsal edilmişdir.
A.Vəliyevin dediyinə görə, məhsul istehsalı sahələrində əlavə dəyər 12,8 faiz, xidmət sahələrində isə 8,0 faiz artmışdır. ÜDM-in tərkibində sənayenin payı 37,8, kənd təsərrüfatının 13,1, tikintinin 12,1, ticarət və pullu xidmətin 7,9, nəqliyyatın 7,3, rabitənin 2,2, digər sahələrin payı isə 19,6 faiz təşkil etmişdir. Bazar iqtisadiyyatı istiqamətində aparılan islahatlar öz bəhrəsini vermiş, ÜDM-in 73,3 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.
İqtisadiyyatın aparıcı sahələrindən olan sənayedə 2002-ci illə müqayisədə ümumi məhsul istehsalı 6,1 faiz artmışdır. Yanacaq, elektrotexnika, neft hasilatı və emalı, metallurgiya, kimya və neft-kimya, maşınqayırma və metal emalı, tikinti materialları istehsalı, yüngül və yeyinti sənayesi və s. sənaye sahələrində əldə edilən göstəricilər 0,3 faizdən 79,4 faizə qədər artımla müşayiət olunmuşdur. Rabitə, nəqliyyat və s. sahələrdə əhaliyə göstərilən xidmətlərdən gələn gəlirin də səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ən başlıcası, sənaye məhsulunun 53,4 faizi qeyri-dövlət bölməsində istehsal edilmiş və 7,6 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının 99,7 faizi, əsaslı tikintiyə qoyulmuş vəsaitin 88,7 faizi özəl bölmənin payına düşür.
Dövlət büdcəsinin gəlir və xərcləri barədə danışmış natiq, həmçinin ticarət dövriyyəsi, idxal və ixrac əməliyyatları sahələrində də yüksək nəticələrə nail olunduğunu diqqətə çatdırmışdır.
Konfransın sonunda komitənin mütəxəssisləri jurnalistlərin suallarını cavablandırmışlar.