Ötən sutka ərzində dünyada 84 mindən çox insan koronavirusa yoluxub
Bakı, 2 may, AZƏRTAC
Ötən sutka ərzində dünyada 84 mindən çox insan koronavirusa yoluxub. Bu, daha əvvəlki günlə müqayisədə 12 min nəfər çoxdur.
AZƏRTAC TASS informasiya agentliyinə xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Mayın 1-nə olan vəziyyətə görə, dünyada koronavirusa yoluxanların sayı 3 milyon 175 min 207-yə, ölənlərin sayı 224 min 172-yə çatıb. Sutka ərzində dünyada yoluxanların sayı 84 min 771, ölənlərin sayı 6 min 403 olub.
Daha çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: 1 milyon 461 min 404 nəfər yoluxub və 138 min 200 nəfər ölüb. Avropada sutka ərzində yoluxanların sayı 26 min 764, ölənlərin sayı 2 min 239 olub.
Şimali və Cənubi Amerikada ümumilikdə 1 milyon 291 min 917 insan yoluxub, 69 min 87 nəfər ölüb. Bu bölgə sutka ərzində yoluxanların (45 min 727) və ölənlərin (3 min 859) sayına görə Avropanı ötür.
Yoluxanların sayı üzrə üçüncü yeri Şərqi-Aralıq dənizi regionu tutur. Mayın 1-də regionda 188 min 585 yoluxma, 7598 ölüm faktı qeydə alınıb. Regionda sutka ərzində 6 min 168 nəfər yoluxub, 151 nəfər ölüb.
ÜST-nin ölkələr üzrə dərc etdiyi cədvəldə daha çox xəstələnmə halı ABŞ-da qeydə alınıb - 1 035 353. Sonrakı yerlərdə İspaniya (213 435), İtaliya (205463), Böyük Britaniya (171257), Almaniya (159119), Fransa (128 121), Türkiyə (120204), Rusiya (114 431), İran (94640) və Çin (84385) gəlir.